“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Araz-Naxçıvan”da ilk qələbəmdir. Amma məni daha çox komandamın meydançadakı intizamı sevindirir. Futbolçular bu gün əzmkarlıq göstərdilər. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd matça hazırlaşacağıq”.
Elmar Baxşıyev rəqib baş məşqçi Rəşad Sadıqovla duellerinin maraqlı alınmasına və hakimliyə də toxunub: “Prinsipim Rəşad Sadıqovla deyil. Bu gün “Zirə” ilə “Araz-Naxçıvan” oynayırdı. Sadəcə, hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.
Hakimliyə gəlincə, baş hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır. İstəyərəm ki, bütün komandalara yanaşma eyni olsun. Hakimlərin 10 komandanın heç birini seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır”.
“O bağlantılar aradan qalxmayana qədər…” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik, amma fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik”.
Rəşad Sadıqov da Elmar Baxşıyevlə qarşılaşmalarının çətin keçməsinə münasibətini açıqlayıb: “Elmar Baxşıyevi qələbə münasibətilə təbrik edirəm. Açığı, Elmar Baxşıyevin müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik”.
“Zirə”nin baş məşqçisi hakimlikdən də söz açıb: “Hələ mübahisəli epizodlara baxmamışam. Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki, davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd qərarları və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah, bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər.
Avrokubok zonasında olan bütün komandalar əla performans göstərirlər. Amma çox ciddi və qərəzli şəkildə hakim səhvləri var. Bu qədər təsadüf ola bilməz. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq. AFFA-nın yeni rəhbərliyinə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq”.


