Elmar Baxşıyev: “Tələb etdiyimiz futbolu görmək xoşdur”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçular verilən tapşırığı meydanda yerinə yetirdi. Avrokuboklara düşmək şansımız itsə də, komanda bunun öhdəsindən maksimum gəlməyə çalışdı. Hücumda oynamağı fikirləşirdik və çoxsaylı epizodlar yaratdıq, amma dəyərləndirməkdə çətinlik çəkdik. Bunu da şansla əlaqələndirirəm. Komandanın göstərdiyi futboldan məmnunam. Bu heyəti mən formalaşdırmışam, oynadığı üslubu komandaya aşılamışıq. Bunu meydanda görmək xoşdur. Nəticə baxımından isə hər iki komanda qələbəyə layiq idi. “Zirə” də yaxşı, dinamik futbol oynadı. Cari mövsümdə iki oyunumuz qalıb. Həmin matçlara konsentrasiya olub, çempionatı layiqli başa vurmağı planlaşdırırıq. Bu gün 7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Amma iradım yoxdur. Əsas komandanın göstərdiyi oyundur. Tələb etdiyimiz futbolu görmək xoşdur. Hakim üç dəqiqə əlavə etdikdə daha çox artırılmasının mümkünlüyü barədə soruşdum. Elə epizodlar var ki, başqa komandalar üçün penalti ilə dəyərləndirilir. Bizim lehimizə isə belə qərar verilmir. Ümidimizi itirmirik, ola bilər ki, biz də penalti vuraq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: