“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev bu gün “Araz-Naxçıvan”a qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”la qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə klubun mətbuat xidmətinə bunları söyləyib:
“Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik. Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi. İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik. Öncədən nəzərdə tutduğumuz kimi, iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq. Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik. Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim. Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaqlar”.
Xatırladaq ki, cari mövsümün ilk iki dövrəsində uğursuz çıxış etmiş “Qəbələ” 18 oyuna topladığı 14 xalla sonuncu pillədə qərarlaşıb.


