Elmar Baxşıyev: “Ülvinin başı yarılmalıdır ki, penalti verilsin?”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutna mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Həftə ərzində baş tutan məşq proseslərində futbolçular istəkli idilər. Bu matçda qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Bu oyunda rəqiblə xal fərqini azaltmaq istəyirdik. Amma biz istədiyimiz kimi olmadı. Oyunun qırılma nöqtəsi başqa hadisənin baş verməsi olur ki, bundan sonra ritmi itiririk. Verilməyən penaltilər oldu. Ülvi İsgəndərlinin başı yarılmalıdır ki, 11 metrlik cərimə zərbəsi təyin olunsun? Bizə çatanda fərqli qərar verirlər. Azarkeşləri də başa düşürük. Ötən il başqa səviyyədə “Qəbələ” var idi”.

Elmar Baxşıyev ayrı-ayrı oyunçular və komandanın durumu haqda da danışıb: “Emil Səfərov gənc oyunçu mərhələsini keçib. Millinin futbolçusu çempionat matçında həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma belə olmadığını düşünürəm. Daha yaxşısını etmək üçün toparlanmalıdır. Heyətdəki rotasiyalar normaldır. Hansısa duetin müdafiədə daha yaxşı olacağına ümid edirik.

Bugünkü məğlubiyyətin səbəbi müdafiə deyil. Heyət o qədər də aciz deyil. 24 turda 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda “dişini göstərməlidir”. Hələ heç nə itməyib. Meydanda xarakter göstərməliyik. Komandamın iradəsini göstərəcəyinə inanıram”.

“İstəyimiz ən azı bir xal qazanmaq idi” – Adil Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov isə komandasının qalib gəldiyi matçdan sonra bunları dil gətirib:

“Çox şükürlər olsun ki, bu oyunda qalib gəldik. Qəbələyə gələn, televizordan bizi izləyən, ümumiyyətlə hər bir azarkeşimizə qələbə sevinci bəxş edə bildik. Buna görə sevincliyik. Oyuna gəlincə, ağır olacağını gözləyirdik. İstəyimiz ən azı bir xal qazanmaq idi, rəqib ilə xal fərqini qorumaq üçün. Qələbə qazandığımız üçün şadıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: