“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 26-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda əzmkarlıq göstərməyə çalışırdı. Futbolçularımız tələb etdiyimi vermək istəyirdi. Daha çox hücum təşkil etdik. Hücum planında istədiyimi gördüm. Nöqsanları görür, üzərində çalışırıq. İnanıram ki, epizodları dəyərləndirməyin öhdəsindən qarşıdakı oyunlarda gələcəyik. Hər iki tərəf yaxşı mübarizə apardı, bir-birinə layiq idi. Hər iki komanda bir xal qazandı. Tovuz səfəri ağırdır, meydanın süni örtüklü olması da narahatlıq yaradır. Komandamız xarakter göstərdi və ikinci hissədə istədiyimiz kimi oynadı”.
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov da qələbəni əldən verdikləri matçla bağlı fikirlərini bölüşüb:
“Çətin oyun idi. Bilirdik ki, “Qəbələ”nin oturuşmuş heyəti var, yuxarı pillələr üçün oynayır, avrokuboklara getməyə iddialıdırlar, kubokda da yollarına davam edirlər. Biz də bu oyunda nəticəni fikirləşirdik. Çünki evdə yaxşı oynadığımız, lakin məğlub olduğumuz oyunlar olub. Bu da futbolçularda psixoloji gərginlik yaradırdı. Hazırda keçid dövründəyik. Havanın bir qədər isti olması da müəyyən çətinlik yaratdı. Bu gün futbolçularım mübarizə apardı. Bəlkə də istədiyimizi edə bilsəydik, ikinci qolu da vura bilərdik. Rəqibin də imkanları oldu. Mübarizəli oyun izlədik. Hər xal bizim üşün vacibdir. Aşağı pillələrdə mümkün qədər aralanıb xal fərqini artırmaq istəyirik. Sonuncu dövrə çox gərgin keçəcək. 5 gün sonra səfərdə “Səbail”lə ağır oyunumuz var. İnşallah, bu oyuna hazırlaşacağıq”.


