“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 24-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla yekunlaşmış oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Gərgin oyun oldu. Birinci hissədə oyunumuz alınmadı. “Səbail” təzyiq göstərirdi. İkinci hissədə dəyişikliklərlə təşəbbüsü ələ ala bildik. Zədəli futbolçularımız var. Onlar komandaya qoşulandan sonra hücumda daha rəngarəng olacağıq.
“Araz-Naxçıvan”ın Ramon Maçado və Felipe Santosdan asılı olduğunu deməzdim. Miço Kuzmanoviç də zədəli olduğu üçün hücumda çox rotasiya edə bilmirik. Amma futbolda belə hallara rast gəlmək olur. Daha çox çalışıb nöqsanları aradan qaldırmaq lazımdır”.
Elmar Baxşıyev yarımmüdafiəçi Vanderson Melonun bu oyunda mərkəz müdafiəçisi mövqeyində oynamasına da aydınlıq gətirib:
“Məcburi dəyişiklik idi. Çünki üçüncü mərkəz müdafiəçimiz Bəxtiyar Həsənalızadə də zədəlidir. Bu dəyişikliyi etməyə məcbur idik. Bu gün oyun quruculuğunda problem yox idi. Sadəcə, son nöqtəni qoymaqda sıxıntılarımız var”.
“Bütün oyunlara yanaşmamız eynidir”
“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə heç-heçəyə belə şərh verib:
“İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik.
Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız “Sabah” və “Araz-Naxçıvan” yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsinlər. Qarşıda hələ 12 tur var. Növbəti turdakı “Şamaxı” ilə qarşılaşma bizim üçün final oyunu deyil”.