Elmar Baxşıyev və Ruan Renato üçün yubiley matçı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.

Qəbələ şəhər stadionundakı görüşdə onun komandası 2:0 hesablı qələbə qazanıb. Bu, komandanın Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.

Elmar Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Ona qədər Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib – 1:0.

“Şamaxı” ilə oyun “Qəbələ”nin futbolçusu Ruan Renato üçün də əlamətdar olub. Braziliyalı müdafiəçi Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. 29 yaşlı cənubi amerikalı legioner “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb.

Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.

Xatırladaq ki, Ruan Renato 2021-ci il avqustun 15-də Premyer Liqada ilk oyununa çıxıb. O, “Neftçi” ilə səfər qarşılaşmasında (2:2) şans qazanıb.

“Qəbələ” bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 27 oyunda 36 xal qazanıb. Sözügedən komanda hazırda 10 iştirakçı arasında beşinci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: