“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 31-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla yekunlaşmış qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Ümumi götürəndə, bizi hansı təhlükənin gözlədiyini bilirdik. Komandanı çətin oyuna hazırlaşdıranda, rəqibin üstün cəhətlərini bildirmişdik. Yolumuza davam edirik.
Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. “Turan Tovuz” əsas rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi.
Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir. Bizim üçün hər oyun önəmlidir. Bu matçı unudub, komandanı qarşıdakı görüşə hazırlayacağıq”.
Elmar Baxşıyev hakimlikdən də narazılıq edib:
“Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsünüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə… Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqədir”, deyə Elmar Baxşıyev bildirib.
“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov isə heç-heçəyə belə şərh verib:
“Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. “Va bank”a da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq”.
Xatırladaq ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev cəzalı olduğu üçün komandanı bu oyuna Yunis Hüseynov çıxarıb.