“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Matçın əhəmiyyətini və bizi ağır oyun gözlədiyini bilirdik. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. İstədiklərimi meydanda gördüm. Komanda daim hücumda olmağa çalışırdı. Çoxsaylı qol imkanları yaratdıq, lakin dəyərləndirə bilmədik. Bir xal da hər iki komandanı razı sala bilər. Komandaların iki gün oynamasına baxmayaraq, matç dinamik keçdi. Bu dinamika gələcəyi ümidlə baxmağa imkan yaradır”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə bunları söyləyib:
“Bu gün kiminsə məğlub olmasını istəmirdim. Artıq bir sutkadır ki, oyun bitmirdi. Dünən hava şəraitinə görə görüş 65-ci dəqiqədə dayandırıldı. Belə məqamda komandanı tonusda saxlamaq çətindir. Hər iki tərəfin futbolçularını təbrik edirəm. Ürəyimdən keçən görüşün heç-heçə ilə bitməsi idi, belə də oldu. Adamın hər iki komandanın oyunçularının əziyyətinə heyfi gəlir. Dünənki hava şəraiti çox ağır oldu. Komandalar meydanda mübarizə apardı. Oyun haqqında danışılacaq çox şey yoxdur. Ədalətli nəticə heç-heçə idi”.


