“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qolsuz bitən matçdan (0:0) sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bizi çətin matçın gözlədiyini bilirdik. “Sumqayıt” bu il yaxşı oyunu ilə seçilən komandalardan biridir. Qarşılaşma göstərdi ki, hər iki rəqib bir-birinə layiq idi. “Sumqayıt” da, biz də qalib gələ bilərdik. Düşünürəm ki, bu matçın ədalətli nəticəsi heç-heçə idi”.
Elmar Baxşıyev “Qəbələ”nin cari mövsümdə hücumdakı “dişsizliyindən” də söz açıb:
“Komandam istədiyim bəzi elementləri meydanda verməyə çalışır. Ola bilər ki, bu, nəticə üçün yetərli olmur. Amma oyun planında inkişaf edə bilərik. Hücumların sayı həddindən artıq çoxdur. Son 6-7 matça nəzər salsaq, bəlkə də çempionatda hamıdan çox hücumda olan komandayıq. Ancaq son nöqtəni qoya bilmirik. Ümid edirik ki, bu çatışmazlığı da aradan qaldıracağıq”.
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“İlk dəqiqələrdə ardıcıl 3 oyunun yorğunluğundan top itkiləri oldu. Buna görə də oyunumuz alınmırdı. Fasilədən sonra isə fərqli “Sumqayıt” gördük. Əlimizə düşən imkanları qola çevirə bilmədik. İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi. Həddindən artıq emosiya göstərdik. Qarşıdakı oyunlara baxacağıq. Bir həftə vaxtımız var. Üstümüzdəki yorğunluğu atmağa çalışacağıq”.
Qeyd edək ki, bu heç-heçədən sonra “Sumqayıt” 15 xalla 7-ci, “Qəbələ” isə 8 xalla 9-cu pillədə qərarlaşıb.


