“Kəpəz”in hücumameyilli yarımmüdafiəçisi Elmir Tağıyev azı üç həftə Gəncə təmsilçisinə kömək edə bilməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan “Şamaxı” ilə ev oyununda sıradan çıxıb. “Kəpəz”in 0:2 hesabıyla uduzduğu həmin oyunda zədələnərək əvəzlənən Tağıyevin son durumu müəyyənləşib. MRT müayinəsindən keçirilən yarımmüdafiəçinin qasıq nahiyyəsində əzələ yırtığı aşkarlanıb. Futbolçuya üç həftəlik müalicə prosesi təyin olunub.
Xatırladaq ki, ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirmiş Elmir Tağıyev bu ilin yayında “Səbail”dən birdəfəlik ayrılaraq Gəncə klubuna keçib. Yarımmüdafiəçi bu komandanın heyətində 32 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Elmir Tağıyev daha öncə “Səbail”də və “Turan Tovuz”da forma geyinib.