Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev komanda ilə məşqlərə qoşulub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qatılıb. Klubun tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.
Xatırladaq ki, Elmir Tağıyev ötən mövsümdən “Kəpəz”in formasını geyinir. Yarımmüdafiəçi bu komandanın heyətində 32 oyuna çıxıb, 1 qola imza atıb. O, daha öncə “Səbail” və “Turan Tovuz”da da çıxış edib.
Qeyd edək ki, Gəncə klubu sabah Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Səbail”lə üz-üzə gələcək.


