Azərbaycanda, Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatında altıncı yarış gününə yekun vurulub.
Arena.az xəbər verir ki, döyüşlərin yekununa əsasən qadınlarda 62 kq, kişilərdə 74 kq çəkilərdə mükafatçılar bəlli olub.
Hər iki çəki dərəcəsində yarımfinal və final döyüşlərini Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da izləyiblər. Onlar görüşlər başa çatdıqdan sonra idmançıların mükafatlandırma mərasimində iştirak ediblər.
BOK prezidenti yarımfinaldan öncə dünya çempionatında iştirak edən qaçqın komandası ilə də görüşüb. Qonaqlar həmçinin Bakı Kristal Zalında Dünya Taekvondosunun stendi ilə tanış olub, digər stendləri nəzərdən keçiriblər. Onlar “Demo Team”in şousunu da izləyiblər.
Qadın taekvondoçuların mübarizəsində qalib adını Liliya Kuzina (Dünya Taekvondosu) qazanıb. O, finalda braziliyalı Karolina Santosu məğlub edib. Bürünc medallara Feruza Sadıkova (Özbəkistan) və Aaliya Povell (Böyük Britaniya) sahib olublar.
Kişi taekvondoçular arasında Marko Qolubiç (Xorvatiya) dünya çempionu tituluna yiyələnib. Gümüş mükafatı Stefan Takov (Serbiya), bürünc medalları Leon Seyranoviçlə (Avstraliya) Kadirbek Daurov (Dünya Taekvondosu) əldə ediblər.
Taekvondoçularımızın fiaskosu davam edir
Azərbaycan taekvondoçularından Eltac Qafarov 1/4, Fatimə Məcidova 1/16 finalda məğlub olub. 74 kq çəki dərəcəsində çıxış edən Eltac 1/4 final mərhələsində məhz çempion Marko Qolubiçə uduzub. Qafarov buna qədər Vasilli Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmağı bacarıb. Fatimə Məcidova isə ilk sınağındaca Kristina Kaspaya (İtaliya) uduzub.
Bununla da Azərbaycanın DÇ-də medalsız qalan taekvondoçularının sayı 11-ə çatıb. Əvvəlki günlərində kişilərdən Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq) və Taleh Süleymanov (87 kq) da medalsız qalmışdı. Qadınların yarışında isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) uğursuz çıxışı ilə yadda qalıb.
Sabah – iyunun 4-də keçiriləcək 2 çəki dərəcəsindən sonra dünya çempionatı başa çatacaq. Son gündə millimizin daha 2 üzvü – Həmidrza Bədriəliabadi (+87 kq) və Səmərrux Osmanova (53 kq) da medal şansını yoxlayacaq.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu iştirak edir. 16 çəki dərəcəsində dünya çempionu olan idmançılar aktivinə 140 reytinq xalı əlavə edirlər.