“Sumqayıt”ın kapitanı Elvin Bədəlov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Matçdan sonra Arena.az-a müsahibə verən “kimyaçılar”ın 28 yaşlı müdafiəçisi qolsuz heç-heçə (0:0) barədə danışıb:
- Oyunu necə dəyərləndirirsiz?
- Matç birinci dəqiqədən çətin keçdi. Çox mübarizəli oyun oldu. Heç kim uduzmaq istəmirdi. Hər iki tərəf pis oynamadı.
- Penalti epizodunu boşa verməyiniz oyunun sonrakı dəqiqələrində komandaya psixoloji təsir etdimi?
- Yox, penaltidən sonra yenə hücumlarımızı davam etdirdik. Hətta qol da vurduq. Təəssüf ki, ofsayd qeydə alındı.
- Qolu qeydə alınmayan siz idiniz. Hakimin qərarı nə dərəcədə doğru idi?
- Mən qol vuranda rəqib oyunçu məndən öndə idi. Mənə elə gəlirdi ki, ofsaydda deyildim. Amma doğru qərar ofsayd idi. Oyunda bunu hiss etmək çətindir. Bununla bağlı nəsə deyə bilmərəm.
Xatırladaq ki, Elvin Bədəlov bu oyunda 90 dəqiqə meydanda olub. Qolsuz bitən qarşılaşmada komandaların hərəsi bir penaltini qaçırıb. Meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Nahid Məmmədov