“Əl-Nəsr”in ispaniyalı mərkəz müdafiəçisi Emerik Lyaport oyun təqviminin həddən artıq yüklənməsi ilə bağlı tətildən söhbət açıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, Lyaportun bu barədə fikrini təqdim edir:
“Nəbz çox sürətlidir. Oyunlar həddindən artıqdır. Tətil – bunu dayandırmaq üçün gördüyümüz yeganə çıxış yoludur”, deyə Lyaport vurğulayıb.
Xatırladaq ki, futbol dünyasının bir çox nüfuzlu nümayəndələri – oyunçular və məşqçilər futbol qurumları və təşkilatlarını ifrat sıx oyun təqvimi ilə bağlı fəsadı çözməyə səsləsələr də, səsləri eşidilməz qalır. Bu mənzərədə oyunluar yorğunluq, zədə, ardınca isə psixoliji tarazlığın itirilməsi kimi fəsadlar yaşayırlar.
Emerik Lyaport futbola “Ajen” klubunda qədəm qoyub, buradan “Bayonna”ya keçib. Daha sonra Bilbao “Atletik”inə yol tapmış Lyaportu Didye Deşam Fransa yığmasına çağırıb. Amma artıq məlum olduğu kimi, Lyaporta “xoruzlar”ın heyətində oynamaq müvəffəq olmayıb.
2011/2012-ci illər mövsümünü “Baskoniya”da icarə əsasında keçirmiş Lyaport 2018-2023-cü illərdə tanhüquqlu əsasda “Mançester Siti”də çıxış edib.
2023-cü ilin avqustunda “Əl-Nəsr” 27,50 milyon avro məbləğ müqabilində Emerik Lyaportu “şəhərlilər”in düşərgəsindən “Nəcd cəngavərləri”nin düşərgəsinə qatıb. Lyaportun “Əl-Nəsr”lə müqaviəlsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Lyaport “Əl-Nəsr” üçün 9 oyun keçirib, məhsuldar fəaliyyəti olmayıb. Lyaportun “Əl-Nəsr”in heyətində çıxışının ümumi mənzərəsi isə 48 oyun, 4 qol, 1 məhsuldar ötürmədən ibarətdir.
Emerik Lyaport 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 37 oyun keçirib, 1 qol vurub.
Emerik Lyaportun qənimətlər muzeyində “Atletik”lə İspaniya Super Kuboku, “Mançester Siti” ilə İngiltərə Premyer Liqası çempinluğu (6 dəfə), İngiltərə Kuboku (2 dəfə), İngiltərə Liqa Kuboku (4 dəfə), İngiltərə Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku var. Lyaport həmçinin İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Emerik Lyaportun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


