Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev ötən gün rəsmən ayrıldığı “Səbail”lə vidalaşıb.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, “İnstagram” hesabındakı postunda bunları yazıb: “Səbail” ailəsi, həm meydanda, həm də meydandan kənarda sizinlə işləmək çox xoş idi. Belə maraqlı mövsüm üçün sağ olun. Azarkeşlərə də ayrıca təşəkkürlər”.
Xatırladaq ki, paytaxt klubu ötən gün Balayevlə yolların ayrıldığını rəsmən açıqlamışdı. Onunla mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Emilə xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Millimizin üzvü Bakı təmsilçisi ilə maliyyə məsələsində anlaşa bilmədiyi üçün klubu tərk edib. Qapıçı azad agent kimi xidmətində maraqlı olan istənilən kluba keçə bilər. Hazırda o, Premyer Liqanın daha iddialı iki iştirakçısı ilə danışıq aparır. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir.
Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. Qolkiper 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.
Balayev daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Neftçi” (11 oyun, 12 buraxılmış qol, 4 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb.
Emil Azərbaycan milli komandasında isə indiyə qədər 14 oyun keçirib.


