Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayev indiki klubu “Səbail”dən ayrılmağa qərar verib.
Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün son turunda “Şamaxı”nı yenərək elitadakı yerini qoruyan “dənizçilər” növbəti mövsümə yeni qapıçı ilə başlamalı olacaq.
Arena.az-ın əldə etdiyi məlumata görə, elitadakı yerlərini qorumalarına baxmayaraq, qolkiper Bakı təmsilçisini tərk etmək niyyətindədir. Balayev bunu komanda yoldaşlarına da deyib. O, yeni iş yerini konkret olaraq açıqlamasa da, daha iddialı klubda oynamaq üçün “Səbail”dən ayrılmağı planlaşdırdığını söyləyib.
Xatırladaq ki, Emil Balayev 2022-ci ilin iyul ayında Qazaxıstanın “Turan” klubundan ayrılaraq “Səbail”lə 1 illik müqavilə bağlamışdı. İndi onun “dənizçilər”lə sözləşməsi başa çatmaq üzrədir və 29 yaşlı qapıçı azad agent kimi xidmətində maraqlı olan istənilən kluba keçə bilər.
Balayev 2017-2018-ci illərdə də “Səbail”də oynayıb. O, paytaxt təmsilçisində bütövlükdə 76 oyuna çıxıb, 111 qol buraxıb. Təcrübəli qolkiperin 19 “quru” oyunu da var.
Xatırladaq ki, Emil Balayev daha öncə Azərbaycanda “Qarabağ” (19 oyun, 12 buraxılmış qol, 10 “quru” oyun), “Neftçi” (11 oyun, 12 buraxılmış qol, 4 “quru” oyun), “Zirə” (1 oyun, 1 qol) və “Sumqayıt” klublarında da forma geyinib. O, Qazaxıstanın “Tobol” (36 oyun, 26 buraxılmış qol, 21 məhsuldar ötürmə) və “Turan” (1 oyun, 2 buraxılmış qol) klublarında legioner həyatı da yaşayıb.
Emil Azərbaycan milli komandasında isə indiyə qədər 14 oyun keçirib.