Emil Mustafayev “Dinamo”ya qarşı 65 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Odessa təmsilçisi Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 29-cu turu çərçivəsində Kiyev “Dinamo”su ilə qarşılaşıb.

“Çernomorets” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Mustafayev bu matça start heyətdə başlasa da, 65-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Emil Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib. “Çernomorets”də isə yarımmüdafiəçi 10 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Çernomorets” Ukrayna Premyer Liqasının cari mövsümündə topladığı 22 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Cari mövsümün sonuna bir tur qalmış Odessa təmsilçisinin Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: