Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 26-cı turu çərçivəsində baş tutan “Kolos”la oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı inamlı qələbə ilə tərk edib – 2:0.
Emil Mustafayev bu görüşün start heyətində meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. Komandasının 4 və 11-ci dəqiqələrdə vurduğu hər iki qolun məhsuldar ötürməsini azərbaycanlı futbolçu verib. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə özü fərqlənə bilməyib.
“Aleksandriya” bu mövsüm keçirdiyi 26 oyunda 42 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 15 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.