Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turu çərçivəsində baş tutan Kiyev “Dinamo”su ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb və yenə böyük hesabla məğlub olub – 0:3.
Emil bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda səfərdə “Metallist 1925” ilə qarşılaşıb. Bu oyunda komandalar heç-heçəyə razılaşıblar – 1:1. Dmitri bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
25 turdan sonra 39 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 21 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasında növbəti matçını aprelin 28-də keçirəcək. Bu komanda 26-cı tur çərçivəsində “Zarya”nın qonağı olacaq. “Polesye” isə ayın 29-da Poltava “Vorskla”sını qəbul edəcək.