Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turu çərçivəsində baş tutan “Kolos”la matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə evdə qarşılaşıbv və yeganə qolla qalib gəlib – 1:0.
Emil bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 16 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.
Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda “Minay”ı qəbul edib. Bu oyunda komandalar heç-heçəyə razılaşıblar – 1:1. Dmitri də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.
24 turdan sonra 39 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 19 xalla 14-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasında növbəti matçını aprelin 17-də keçirəcək. Bu komanda 15-ci turdan təxirə salınmış oyunda “Aleksandriya”nın qonağı olacaq. “Polesye” isə ayın 21-də Kiyev “Dinamo”sunun qonağı olacaq.