Emil Mustafayev “Krivbas”a qarşı 19 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 15-ci turu çərçivəsində baş tutan “Krivbas”la matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsilə yekunlaşıb – 3:1.

Mustafayev bu görüşün 71-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Emilin komandası onun meydanda olduğu dəqiqələrdə (72-ci və 86-cı) daha iki qol buraxmaqla səfərdən xalsız qayıdıb.

Qeyd edək ki, bu, “Polesye”nin Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümündəki üçüncü məğlubiyyətidir. Sözügedən komanda 6 turdur qələbəyə həsrətdir. Futbolçumuzun komandası bu müddətdə 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Bu mövsüm keçirdiyi 14 oyuna 23 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 5-ci yerdə qərarlaşıb. Emilin komandası 6 qələbə qazanıb, 5 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib.

Xəbəri istədiklərinizlə paylaşın