Futbol üzrə Azərbaycan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”də növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Odessa təmsilçisi Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün sonuncu – 30-cu turu çərçivəsində “Aleksandriya” ilə qarşılaşıb.
“Çernomorets” doğma meydanda baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Mustafayev bu matçın 64-cü dəqiqəsində meydana buraxılıb.
Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürmüşdü. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmamışdı. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Emil Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 13 matça çıxıb, 1 qolun ötürməsini verib. “Çernomorets”də isə yarımmüdafiəçi 11 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
“Çernomorets” Ukrayna Premyer Liqasının cari mövsümündə topladığı 23 xalla 16 komanda arasında sonuncu yeri tutub və Premyer Liqanı tərk edib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.


