Emil Mustafayev “Obolon”a qarşı 12 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan milli komandasının hücumameyilli yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Odessa təmsilçisi Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 24-cü turu çərçivəsində “Obolon”la qarşılaşıb.

“Çernomorets” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Mustafayev bu matçın 78-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib. “Çernomorets”də isə yarımmüdafiəçi cəmi 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Çernomorets” Ukrayna Premyer Liqasının cari mövsümündə topladığı 18 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: