Emil Mustafayev oynamadı, “Çernomorets” qalib gəldi

Azərbaycanlı yarımmüdafiəçi Emil Mustafayev “Çernomorets”in ötən gün baş tutan çempionat matçında iştirak hüququ qazanmayıb.

Arena.az xəbər verir ki, Odessa təmsilçisi Ukrayna Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 23-cü turu çərçivəsində LNZ ilə qarşılaşıb.

“Çernomorets” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. Odessalılar ilk hissədə vurduqları erkən qoldan sonra bu üstünlüyü sonadək qoruya biliblər. Mustafayev bu matçın sonunadək ehtiyatda qalıb.

Xatırladaq ki, Odessa təmsilçisi azərbaycanlı yarımmüdafiəçini qış fasiləsində bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Emil icarə müddəti bitəndən – iyunun 30-dan sonra “Polesye”yə dönəcək. Onun bu klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Emil Mustafayev cari mövsümdə “Polesye”nin heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib. “Çernomorets”də isə yarımmüdafiəçi cəmi 4 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Çernomorets” Ukrayna Premyer Liqasının cari mövsümündə topladığı 18 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: