Emil Mustafayev üçün 27 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 5-ci turu çərçivəsində baş tutan Odessa “Çernomorets”i ilə matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb və 4:1 hesablı darmadağına sevinib. Emil bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Komandası sonuncu qolu da məhz o meydana çıxandan sonra vurub.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 26 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 4 oyuna çıxsa da, fərqlənə bilməyib.

Keçirdiyi 4 oyuna 10 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 2-ci yerdə qərarlaşıb.