Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 8-ci turu çərçivəsində baş tutan “Karpatı” (Lvov) ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda Emilin komandası 3:1 hesablı qələbəyə sevinib.
Mustafayev bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 28 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.
Keçirdiyi 7 oyuna 17 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 2-ci yerdə qərarlaşıb.