Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 9-cu turu çərçivəsində baş tutan “Vorskla” (Poltava) ilə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda Emilin komandası 2:1 hesablı qələbəyə sevinib.
Mustafayev bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb. Komandası qələbə qolunu da məhz Emil meydana çıxdıqdan 1 dəqiqə sonra vurub.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 29 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.
Bu mövsüm keçirdiyi 8 oyuna 20 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 1-ci yerdə qərarlaşıb.