Emil Smit-Rou “Arsenal”ı “Fulhem”ə dəyişdi

İngiltərənin “Arsenal” klubunun hücumameyilli yarımmüdafiəçisi Emil Smit-Rou bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb.

Sözügedən klub bu transfer üçün “Arsenal”a 31,8 milyon avro ödəyib. 24 yaşlı futbolçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb.

Emil Smit-Rou “Arsenal”ın yetirməsidir. İngilis futbolçu London klubunun əsas komandasında 115 oyuna çıxıb, 18 qol və 13 məhsuldar ötürmə müəllifi olub. O, icarə əsasında “Haddersfild” və “Leypsiq” klublarının da formasını geyinib.

İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Smit-Rou 2021-ci ilin noyabr ayında əsas millidə də debüt edib. O, İngiltərə milli komandasının heyətində meydana çıxdığı 3 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Fulhem” Smit-Rou ilə yanaşı, İspaniyanın “Vilyarreal” klubunun mərkəz müdafiəçisi Xorxe Kuenkanı da transfer edib. 24 yaşlı ispan futbolçunun Premyer Liqa təmsilçisinə keçidinin detalları açıqlanmır. O, “Fulhem”lə 4+1 illik müqavilə bağlayıb.

Xorxe Kuenka İspaniyanın “Alkorkon” klubunun yetirməsidir. “Barselona”nın B komandasında da oynamış müdafiəçi 2020-ci ilin sentyabr ayında 2,5 milyon avro müqabilində “Vilyarreal”a keçmişdi. O, La Liqa təmsilçisinin əsas komandasının heyətində 60 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

“Vilyarreal” Xorxe Kuenkanı “Almeriya” və “Xetafe” klublarına icarəyə də verib.

İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Kuenkaya ölkəsinin əsas millisində debüt etmək qismət olmayıb.