Bu ilin yayında İngiltərənin “Bornmut” klubundan azad agent kimi ayrılmış yarımmüdafiəçi Emiliano Markondes özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra karyerasını İngiltərənin digər klubu “Norviç Siti”də davam etdirəcək.
Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.
Emiliano Markondes 2021-ci ilin iyul ayından “Bornmut”da çıxış edirdi. Danimarkalı futbolçu Premyer Liqa təmsilçisində 24 oyun keçirib, 7 qol və 1 assistlə yadda qalıb. O, bu müddət ərzində “Nordsyelland” və “Hibernian” klublarında icarədə də olub.
Hücumameyilli yarımmüdafiəçi “Nordsyelland”ın yetirməsidir. O, “Brentford” və “Midtyulland” klublarında da çıxış edib.
Markondes Danimarkanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.