Futbol üzrə Argentina yığmasının və “Aston Villa”nın əsas qapıçısı Emiliano Martines 2 oyunluq cəza tədbiri ilə tənbeh edilib.
Arena.az məlumat verir ki, FIFA Martinesi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin 8-ci turu çərçivəsində Kolumbiya yığması ilə səfər oyununda məğlubiyyətdən (1:2) sonra televiziya operatorunun videokamerasına zərbə endiyi üçün cəzalandırıb.
Cəza oyun rəsmisi olmayan şəxsə hücum maddəsi əsasında tətbiq edilib.
Xatırladaq ki, daha əvvəl müvafiq cəzanın kəsiləcəyi və bunun 3 oyundan ibarət olacağı haqda məlumat yayılmışdı. Həmçinin əmlaka ziyanvurma maddəsi ilə pul cəriməsinin də qaçılmaz olacağı haqda məlumat vardı, amma bu barədə açıqlama verilməyib. Bu haqqın Argentina Futbol Assosiasiyası (AFA) tərəfindən ödənildiyini təxmin etmək olar.
Artıq Argentina Futbol Assosiasiyası Emiliano Martinesin DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Venesuela yığması ilə səfər oyununu və 10-cu tur çərçivəsində Boliviya yığması ilə ev oyununu buraxacağı haqda rəsmən məlumatlandırılıb.
London “Arsenal”ının yetirməsi olan Emiliano bu komandada çox şans qazanmayıb. O, həmin dövrdə “Oksford Yunayted”, “Şeffild Yunayted”, “Roterem Yunayted”, “Vulverhempton”, “Xetafe” və “Ridinq” kimi komandalarda icarədə oynayıb. Martines 2020-ci ilin sentyabrından “Aston Villa”da çıxış edir. O, indiyə qədər İngiltərə klubunda 165 rəsmi matça çıxıb. O, bu oyunlarda 202 qol buraxıb, 55 matçda qapısını toxunulmaz saxlayıb.
Emiliano 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasının heyətində 47 oyuna çıxıb. O, bu oyunlarda cəmi 19 qol buraxıb, 34 görüşdən isə “quru” çıxıb.
Argentinalı qolkiper ölkəsinin yığması ilə bir dəfə dünya çempionu olub (DÇ-2022), iki dəfə Amerika Kubokunun (2021 və 2024), bir dəfə Finalissimanın (2022) qalibi olub. Martinesin qazandığı titullar arasında üç İngiltərə Kuboku (2015, 2017 və 2020) və üç İngiltərə Super Kuboku (2015, 2016 və 2021) da var. Amma o, bu uğurlara “Arsenal”da olduğu dönəmdə nail olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.



