Emin Mahmudov Azərbaycan millisində qol rekorduna şərik oldu

Bu gün keçirilmiş Qazaxıstan yığması ilə yoxlama oyunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu yığmamızın heyətində qol rekorduna şərik olub.

“Neftçi”nin də kapitanı olan Mahmudov milli komandada Qurban Qurbanovun vurduğu 14 qolluq rekordu təkrarlayıb. 32 yaşlı yarımmüdafiəçi Qazaxıstanla yoldaşlıq matçında rəqib qapısına yol tapmaqla bu uğura imza atıb.

Mahmudovun vuracağı daha bir qol Azərbaycan millisinin bombardiri olması ilə nəticələnəcək.

Xatırladaq ki, Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci beynəlxalq yoldaşlıq görüşünü keçirib. Millimiz “Haladas SportKomplexum”da Qazaxıstan yığması ilə qarşılaşıb və 3:2 hesablı əzmkar qələbəyə sevinib. Bir neçə gün öncə eyni məkanda Albaniya yığmasına qarşı keçirilmiş oyunda isə millimiz 1:3 hesablı məğlubiyyətə üzülmüşdü. Emin həmin matçda da forma geyinməsinə rəğmən, fərqlənə bilməmişdi.

Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”də çıxış edir. O, paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 229 oyun keçirib. Emin bu oyunlarda 56 qol vurub, 57 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib.

Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında 50 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.