“Neftçi”nin yarımmüdafiəçisi, kapitan Emin Mahmudov komandasının 2022/2023 mövsümündəki çıxışına münasibət bildirib.
Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında mövsümün yekunu barədə bu sözləri qeyd edib:
“Mövsüm başa çatdı və biz ümidləri doğrultmadıq. Azarkeşlərimiz hər zaman daha yaxşı nəticələrə layiqdir. Mövsümboyu göstərdiyiniz dəstəyə görə təşəkkürlər!”
Xatırladaq ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü 68 xalla üçüncü pillədə başa vurub. “Ağ-qaralar” Azərbaycan Kubokunda finala yüksəlsələr də, həlledici oyunda “Qəbələ”yə 0:1 hesabıyla məğlub olublar.
Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. Yarımmüdafiəçi geridə qlaan mövsümdə 45 matça çıxıb, 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, bütövlükdə paytaxt təmsilçisində keçirdiyi 191 oyunda 50 qol və 50 məhsuldar ötürmə müəllifi olub.
Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 39 oyuna 10 qol vurub.
Emin Mahmudovun bu yay “Neftçi”dən ayrılacağı iddia olunur. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti bu ayın sonunda bitəcək.