Emin Mahmudov “Neftçi”də yeni rekordçuya çevrildi

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə 7-ci dəfə penaltidən qol vurub. Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib.

Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçuya çevrilib.

Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namiq Ələsgərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurub. Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, paytaxt təmsilçisində keçirdiyi 182 oyunda 47 qol və 47 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 38 oyuna 10 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: