“Neftçi” ilə müqaviləsinin müddəti bitdiyi üçün komandadan ayrılan Emin Mahmudov gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir.
Arena.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan millisinin yarımmüdafiəçisi paytaxt klubu da daxil olmaqla, aldığı təklifləri götür-qoy etməklə məşğuldur.
Mahmudovun təklif aldığı digər klublar qarşısında şərtləri məlum olmasa da, “Neftçi”dən nə qədər məbləğ tələb etdiyini öyrəndik. Belə ki, “ağ-qaralar”ın kapitanı komandada qalmaq üçün son olaraq ilinə 750 min manat istəyib. Amma klub onun bu tələbini yerinə yetirmək istəmir. Bu üzdən də Emin hazırda Rusiyada təlim-məşq toplanışında olan, beynəlxalq turnirdə qüvvəsini sınayan komanda ilə birgə deyil.
Eminə ölkə xaricindən də çoxlu təkliflər var. Azərbaycanda isə onu heyətinə qatacaq yalnız bir klub var ki, o da “Qarabağ”dır. Amma Ağdam klubunun da millimizin üzvünə bir mövsüm üçün 750 min AZN verməsi inandırıcı görünmür.
Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışırdı. Yarımmüdafiəçi geridə qlaan mövsümdə 45 matça çıxıb, 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. O, bütövlükdə paytaxt təmsilçisində keçirdiyi 191 oyunda 50 qol və 50 məhsuldar ötürmə müəllifi olub.
Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib. Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında da 40 oyuna 10 qol vurub.