Emin Mahmudov: “Qırılmasa, qırmızı vərəqə olmayacaq”

Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin mərkəz yarımmüdafiəçisi Emin Mahmudov ağır zədə alıb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün baş tutan “Kəpəz”lə səfər matçında sıradan çıxıb.

O, Tovuz şəhər stadionunda keçirilən matçın 73-cü dəqiqəsində ayağından zərbə alıb. Yerdə qalan futbolçuya həkimlərin yardımı da kömək etməyib. Bu üzdən də o, meydanı axsayaraq tərk edib. Kapitanın əvəzində 78-ci dəqiqədə meydana Andre Şinyaşiki daxil olub.

Qeyd edək ki, sözügedən epizod zamanı qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə “Kəpəz”in futbolçusu Yeqor Xvalkoya sarı vərəqə göstərib və meydan sahiblərinin qapısına penalti təyin edib. Amma bu, “Neftçi” tərəfinin heç də ürəyincə olmayıb. Onlar Xvalkoya bu epizoda görə qırmızı vərəqə verilməli olduğu qənaətindədirlər.

Bunu matçdan sonra Mahmudov özü də dilə gətirib. O, fikrini qısaca belə ifadə edib: “Qırılmasa, qırmızı vərəqə olmayacaq. Gərək qırıla ki, rəqibə “qırmızı” verələr”.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də bu epizodla bağlı etirazını dilə gətirib. Monteneqrolu mütəxəssis 3:3 hesabıyla bitən matçdan sonra bunları dilə gətirib:

“Az qalmışdı ki, Eminin ayağını qırsınlar. “Qarabağ”la oyunda da eyni hal baş vermişdi. Çox ciddi zədə alıb. Həkimlər müayinə edəndən sonra dəqiq durumunu biləcəyik. Başa düşə bilmirəm ki, hakimlər hansı epizoda qırmızı vərəqə verirlər”.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, indiyə qədər bu komandada keçirdiyi 223 oyunda 54 qol və 55 məhsuldar ötürmə müəllifi olub.

Emin “Neftçi”dən öncə Moskva “Spartak”ında, “Boavişta”, “Tom”, “Mordoviya”, “Krılya Sovetov”, “Saturn” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 45 matç keçirib, 13 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın