Emin Mahmudov Roman Qriqorçukun qərarını şərh etdi

Məlum olduğu kimi, “Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun qərarına əsasən, Emin Mahmudov kapitanlıq sarğısından məhrum edilib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisinin ukraynalı çalışdırıcısı Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri və 0:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləmişdi:

“Dünəndən etibarən komandamızda əsas kapitan Ramil Şeydayevdir, ikinci Yuri Matias, üçüncü isə Robert Bauerdir. Bu, mənim qərarımdır”.

Göründüyü kimi, uzun illərdir komandanın kapitanı olan Emin yeni qərara əsasən ümumiyyətlə bu sarğını daşımayacaq. O, hətta ehtiyat kapitanlığa da layiq görülməyib. Təcrübəli yarımmüdafiəçi məşqçilər korpusunun bu qərarına sosial şəbəkə hesabında belə şərh verib:

“Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”.

Xatırladaq ki, Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”də çıxış edir. O, paytaxt klubunun heyətində indiyə qədər bütövlükdə 235 oyun keçirib. Emin bu oyunlarda 56 qol vurub, 58 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli oyunçu 2020/2021 mövsümündə indiki klubu ilə Azərbaycan çempionu olub.

Mahmudov daha öncə Rusiyada “Saturn”, “Spartak” (Moskva), “Tom” (Tomsk), “Krılya Sovetov”, “Mordoviya”, Portuqaliyada “Boavişta” klublarının formasını geyinib.

Yarımmüdafiəçi 2016-cı ildən oynadığı Azərbaycan milli komandasında 51 oyuna çıxıb, 14 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, millimizdə də kapitanlıq sarğısını daşıyır.