Emin Mahmudov üçün ilklərlə zəngin matç – Rekorda imza atdı

Neftçi”nin kapitanı Emin Mahmudov karyerasında ilk dəfə het-trikə imza atıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 15-ci turunun “Səbail”lə ev oyununda üç qolla komandasına qələbə qazandırıb – 3:1. Mahmudov bu görüşədək rəsmi matçlarda 3 və ya daha çox qol vurmamışdı.

O, “Neftçi”nin heyətində Premyer Liqada son 10 mövsümdə bunu bacaran ilk futbolçudur. Bakı klubunda bir matçda ən azı üç qol vuran sonuncu oyunçu Nikolas Kanales olub. Çilili forvard 2012/13 mövsümündə “Sumqayıt”la qarşılaşmada (8:1) pokerə imza atıb. 2012-ci il noyabrın 17-də baş tutan görüşdən 10 il 10 gün sonra Emin het-trik müəllifi olub.

“Neftçi”nin son het-triki isə 2011/12 mövsümündə qeydə alınıb. 2011-ci il dekabrın 11-də Bahodir Nasimov AZAL-ı üç dəfə məyus edib – 7:1.

Emin həm də karyerasının rekorduna imza atıb. Cari çempionatda 9 qol vuran futbolçu ən məhsuldar mövsümünü keçirir. O, 2018/19 mövsümündəki 8 qolluq şəxsi rekordunu yeniləyib.

Emin Mahmudov həm də Premyer Liqada mövsümün ilk het-trikinə imza atıb. “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı bir oyunda daha çox – 4 qol vuraraq poker etsə də, Eminədək bir görüşdə 3 top vuran olmamışdı.

Xatırladaq ki, “Səbail”lə görüşdə het-trik edən yarımmüdafiəçi “Neftçi”dəki qol sayını 40-a, Premyer Liqada isə 30-a çatdırıb. O, digər qollarından 8-ni avrokuboklar, 2-ni ölkə kubokunda vurub.