Premyer Liqanın 26-cı turunda “Kəpəz”lə səfər oyununda zədələnən “Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub. 31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilir. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
Xatırladaq ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.
Emin Mahmudov 2017-ci ilin sentyabr ayından “Neftçi”nin uğurları üçün çalışır. O, indiyə qədər bu komandada keçirdiyi 223 oyunda 54 qol və 55 məhsuldar ötürmə müəllifi olub.
Emin “Neftçi”dən öncə Moskva “Spartak”ında, “Boavişta”, “Tom”, “Mordoviya”, “Krılya Sovetov”, “Saturn” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasında da 45 matç keçirib, 13 qol vurub.