Emircan Gürlük Rusiya klubu ilə müqavilə bağladı

Türkiyənin “Altınordu” klubunun 19 yaşlı yarımmüdafiəçisi Emircan Gürlük Rusiya Premyer Liqasında mübarizə aparan “Orenburq”a keçib.

Arena.az xəbər verir ki, bir müddət öncə onun Sankt-Peterburq “Zenit”i ilə razılığa gəldiyi haqda xəbərlər yayılsa da, türkiyəli futbolçu yekunda məhz “Orenburq”la müqavilə bağlayıb.

Tərəflər 3 illik müqaviləyə imza atıblar. “Orenburq”un bu keçidə görə “Altınordu”ya 1,2 milyon avro təzminat ödədiyi bildirilir.

Xatırladaq ki, əvvəllər mətbuatda Gürlüyün Türkiyə Super Liqasında çıxış edən bir sıra klubların da hədəfində olduğu haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Emircan Gürlük Türkiyənin “Qalatasaray” klubunun yetirməsidir. O, “Altınordu”ya keçənə qədər “Selimiye” komandasında da oynayıb. Yarımmüdafiənin həm mərkəzində, həm də cinahlarında oynamağı bacaran futbolçu “Altınordu”nun əsas komandasına 61 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.