“Beşiktaş”ın sağ cinah vingeri Emirhan Delibaş tanışlıq saytlarından birində qeydiyyatdan keçdiyi üçün Türkiyə klubundan qovulub.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klubun yaydıçı açıqlamada bunlar qeyd olunub: “Peşəkar futbolçu Emirhan Delibaşla qarşılıqlı anlaşaraq yollarımızı ayırmışıq. Emirhan Delibaşa bundan sonrakı karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, bugünlərdə Emirhan Delibaşın tanışlıq saytlarından birində (“Tinder”) “Beşiktaş” formasındakı şəkli ilə özünə profil açdığı üzə çıxmışdı. Bu, İstanbul klubunun azarkeşləri tərəfindən böyük narazılığa səbəb olmuşdu. Lakin türkiyəli futbolçu bu iddianı təkzib etmiş və həmin profilin saxta olduğunu iddia etmişdi:
“Saxta hesablar tərəfindən həyata keçirilən bu iftiraları rədd edir və komandama olan bağlılığımın mühakimə olunmayacağını bildirmək istəyirəm. “Beşiktaş” mənim üçün məsuliyyətdir. Sizin sevgi və dəsrəyiniz hər zaman ən böyük motivasiyam olub”, deyə futbolçu belə bir səhvə yol vermədiyini açıqlamışdı.
Lakin görünür “Beşiktaş” rəhbərliyi bu məsələni araşdırıb və futbolçunun səhvi sübut olunub. Bu üzdən də 21 yaşlı vinger hazırda azad agentdir. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.
Xatırladaq ki, Emirhan Delibaş “Beşiktaş”ın öz yetirməsidir. O, 2022/2023 mövsümündə “Göztəpə”də icarədə olub, meydana çıxdığı 3 oyunda 1 qola imza atıb. Delibaş Türkiyənin U-17 və U-19 yığmalarında da forma geyinib.
Emirhan “Beşiktaş”ın əsas komandasında cəmi 2 matça çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
