Futbol üzrə Nigeriya milli komandasının sol cinah vingeri Emmanuel Dennis Türkiyənin “Başakşəhər” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İngiltərənin “Nottingem Forest” klubundan icarəyə götürülmüş futbolçu geri qaytarılıb. Amma o, mövsümün qalan hissəsini Premyer Liqa təmsilçisində keçirməyəcək. Belə ki, “Nottingem Forest” vingerini İngiltərənin digər klubu “Uotford”a icarəyə verib. Dennisin bu mövsümün sonunadək Çempionşip təmsilçisində icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.
Emmanuel Dennis “Başakşəhər”ə 2023/2024 mövsümünün əvvəlində qoşulmuşdu. O, İstanbul təmsilçisinin heyətində cəmi 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Dennis daha öncə də “Uotford”da forma geyinib. 27 yaşlı futbolçu 2021/2022 mövsümündə bu komandanın heyətində meydana çıxdığı 37 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Məhz belə uğurlu mövsümün ardından “Nottingem Forest” 14,8 milyon avro ödəyərək onu heyətinə qatmışdı. Amma nigeriyalı oyunçu “Nottingem Forest”də 25 oyuna cəmi 2 qol vurub, 3 assistlə yadda qalıb.
Nigeriyalı futbolçu karyerası ərzində “Brügge”, “Zarya” (Luqansk), “Köln” kimi klublarda da oynayıb. O, 2019-cu ilin sentyabr ayında debüt matçına çıxdığı Nigeriya yığmasında 8 oyun keçirib, 1 qol vurub.
Bahar Rüstəmzadə