Fransanın “Havr” klubunun əslən Qanadan olan amerikalı sağ vingeri Emmanuel Sabbi bundan sonra “Vankuver”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Kanada klubunun rəsmi saytına istinadən xəbər verir.
MLS təmsilçisi 27 yaşlı futbolçunun transferini 1 milyon avroya rəsmiləşdirib. Tərəflər arasında müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Emmanuel Sabbi “Ohayo Premyer”, “Çiçako Magik”, “Las Palmas” kimi klubların futbol akademiyalarından keçsə də, peşəkar karyerasına Danimarkanın “Hobro” klubunda başlayıb. “Olborq”da da oynamış yarımmüdafiəçi 2023-cü ildən “Havr”da çıxış edirdi. O, Liqa 1 təmsilçisinin heyətində 49 oyuna çıxıb, 5 qol və 1 assistlə yadda qalıb.
18, 20 və 23 yaşlılardan ibarət ABŞ yığmalarında oynamış Sabbi 2023-cü ilin yanvarında əsas millidə də 1 oyun keçirib.
“Havr” mərakeşli dayaq yarımmüdafiəçisi Ussama Tarqallini də Niderlandın “Feyenoord” klubuna satıb. Fransa klubu bu satışdan da 450 min avro qazanıb. 22 yaşlı futbolçu yeni klubu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.
Ussama Tarqallin Marsel “Olimpik”inin yetirməsidir. O, bir müddət Türkiyədə “Alanyaspor”un da formasını geyinib. Yarımmüdafiəçi 2023-cü ildən “Havr”da çıxış edirdi. Mərakeşli futbolçu Liqa 1 təmsilçisinin heyətində 42 oyuna çıxıb, 1 qola imza atıb.
Mərakeşin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Ussama Tarqallin 2024-cü ilin sentyabr ayında əsas millidə də 1 oyun keçirib. Amma Sabbi kimi, Tarqallinə də debütdən sonra əsas yığmada oynamaq qismət olmayıb.