Emre Çolak “Başakşəhər”dən ayrıldı

Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Emre Çolak ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Hücumameylli yarımmüdafiəçi bundan sonrakı karyerasını “Göztəpə”də davam etdirəcək. O, bu yay elitanı tərk edən İzmir klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Emre Çolak bu ilin əvvəlində “Başakşəhər”ə keçmişdi. Türkiyə millisində də 4 oyun keçirmiş futbolçu “Qalatasaray”ın yetirməsidir. O, 2016-cı ildə məhz İstanbul təmsilçisindən İspaniyanın “Deportivo” klubuna transfer olunmuşdu. Yarımmüdafiəçi karyerası ərzində “Əl-Vehda”, “Fatih Karagümrük” və “Hatayspor” klublarında da forma geyinib.

“Başakşəhər” digər hücumameylli yarımmüdafiəçisi Emir Şenocakı da “Bandırmaspor” klubuna satıb. Lakin 20 yaşlı futbolçunun müqaviləsində onun təkrar geri satın alınmasına dair bənd də var. Şenocak 2019-cu ildən İstanbul təmsilçisində forma geyinirdi.

“Başakşəhər”in hücumçusu Atabey Çiçek də “Bandırmaspor”a icarəyə verilib. 27 yaşlı forvard 2022/23 mövsümünün sonuna qədər bu komandada çıxış edəcək.

Atabey Çiçek 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi. O, bu müddət ərzində “Adana Dəmirspor”, “Ümraniyəspor”, “Samsunspor” və “Vesterlo” klublarına da icarəyə verilmişdi. Hücumçu 2016/17 mövsümündə də “Bandırmaspor”un uğurları üçün çalışıb. O, “Gənclərbirliyi”, “Boluspor” və “Hacettepe”nin də formasını geyinib.