Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbaxça”nın vingeri Emre Mor bundan sonra “Eyüpspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Eyüpspor” 27 yaşlı futbolçunu bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Emre Mor Danimarkada dünyaya göz açıb və bu ölkənin “Nordsyelland” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi karyerası ərzində “Borussiya” (Dortmund), “Selta”, “Qalatasaray”, “Olimpiakos”, “Fatih Karagümrük” kimi klublarda da forma geyinib. “Fənərbaxça” Moru 2022-ci ilin iyul ayında “Fatih Karagümrük”dən 2 milyon avro müqabilində transfer edib. O, bu klubun heyətində 49 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Emre ötən mövsümün ikinci dövrəsini də “Fatih Karagümrük”də icarədə keçirib.
Vaxtilə Danimarkanın U-17, U-18 və U-19 yığmalarında oynamış Emre Mor, 2016-cı ildə Türkiyənin həm U-21, həm də əsas millisində debüt edib. O, “ay-ulduzlular”ın heyətində 15 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.