Endrik 2024-cü il Paulista çempionatının ən yaxşı oyunçusu seçildi

“Palmeyras”ın braziliyalı yeniyetmə ulduzu, mərkəz hücumçusu Endrik 2024-cü il Paulista çempionatının ən yaxşı oyunçusu seçilib.

Arena.az xatırladır ki, Paulista çempionatı San-Paulu ştatının əsas yarışıdır və Braziliyanın ştat çempionatları arasında dörd ən yüksək səviyyəli yarışdan biridir.

Endrik 2024-cü il Paulista çempionatı çərçivəsində 9 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. “Palmeyras” isə yarışın qalibi olub.

Böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib. Yeniyetmə hücumçunun İspaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 69 oyun, 19 qol, 3 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub. Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 4 oyun keçirib və artıq məlum olduğu kimi, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.