Endrik ağır zədə aldı, meydanı xərəkdə tərk etdi

Libertadores Kubokunda “İndependyente del Valye” (Ekvador) ilə oyun (2:1) “Palmeyras”ın yeniyetmə ulduzu Endrik üçün xoşagəlməz bitib.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu yarışın qrup mərhələsi çərçivəsində keçirilmiş bu oyunda ağır zədə alaraq, meydanı xərəkdə tərk etməli olub.

Yeniyetmə ulduzun zədəsinin şiddət dərəcəsi haqda məlumat həl yoxdu. Bu haqda yaxınlarda tibbi müayinələrin nəticəsi məlum olduqdan sonra açıqlama veriləcək.

Böyük futbolda 3-cü mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Yeniyetmə hücumçunun “Palmeyras”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, 18 yaşı tamam olmadığı üçün isə yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 20 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 80 oyun, 21 qol, 4 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub. Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 4 oyun keçirib və 2 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.