Endrik – Pele ilə müqayisələr haqqında: “Uşaqlar, siz dəlisiniz!”

Braziliya millisinin 17 yaşlı yeniyetmə ulduzu, mərkəz hücumçusu Endrik, əfsanəvi “Futbol Kralı” Pele ilə müqayisələrdən danışıb.

Arena.az TUDN dərgisinə istinadən, braziliyalı yeniyetmə istedadın bu barədə fikirlərini təqdim edir:

“Bu, mənə həmişə dəlilik görünüb. Düzünü desəm, daha azyaşlı olanda, təxminən 16 yaşımda sosial şəbəkələrin fəal oxucusu idim. Orada məni daim Vitor Roke və Pele ilə müqayisə edirdilər. Siz dəlisiniz. Pele – Peledir.

Özünüzü kimsə ilə müqayisə etməməlisiniz – mənim fikrimcə, bu, yaxşı deyil. Hər kəsin öz hekayəsi, öz səyahəti var – əsilləri haradandır və oynaya bilmək üçün nələrdən keçməlidirlər – amma insanlar müqayisələr aparmağa davam edirlər.

Qoy tarix yaşınsın. Braziliyalılar bizi dəstəkləməlidirlər, biz əlimizdən gələni edirik ki, yenidən millinin oyunlarına baxa və dəstək olasınız. Bizim istədiyimiz budur, müqayisə yox,” deyə yeniyetmə futbolçu vurğulayıb.

Böyük futbolda 3-cü mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Yeniyetmə hücumçunun “Palmeyras”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, 18 yaşı tamam olmadığı üçün isə yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.

Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 5 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.