Braziliya millisinin mərkəz hücumçusu Endrik rəsmən “Real”ın futbolçusu olaraq təqdim edilib və bu münasibətlə duyğularını paylaşıb.
Arena.az “Marca” nəşrinə istinadən, gənc braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən çox xoşbəxtəm, çünki uşaqlıqdan “Real”ın azarkeşi olmuşam. İndi isə buradayam… Bu, sərsəmlikdir. Duyğularımı təsvir edəcək sözlərim yoxdur. Mən həmişə burada olmaq istəmişəm. Hər kəsə təşəkkür edirəm”, deyə braziliyalı oyunçu duyğusalcasına bildirib.
Endrikin atası oğlunun təqdimat mərasiminə şahidlik edərkən kövrəlib və göz yaşlarını boğa bilməyib.
Tibbi müayinədən uğurla keçmiş və rəsmən ictimaiyyətə təqdim edilmiş Endrik “qaymaqlılar”ın heyətində “16” nömrə altında çıxış edəcək.
Böyük futbolda 4-cü mövsümünü keçirən 18 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. “Real” Endriki cari ilin iyulunda 47,50 milyon avro məbləğ müqabilində “Palmeyras”dan heyətinə qatıb. Hələ qışda klublar arasında şifahi transfer razılaşdırılmışdı. Amma futbolçunun 18 yaşı tamam olmadığı üçün müvafiq keçid rəsmən gerçəkləşməmişdi. Artıq rəsmən “Real”a qoşulmuş Endrikin İspaniya nəhəngi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.
Yeniyetmə futbolçu 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub.
Endirk həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 10 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 18 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.
