Endrik “Real”ı “Olimpik”ə dəyişdi

Futbol üzrə Braziliya yığmasının və Madrid “Real”ının mərkəz hücumçusu Endrik bundan sonra Lion “Olimpik”ində çıxış edəcək.

Arena.az xəbər verir ki, Fransa klubu 19 yaşlı futbolçunu İspaniya nəhəngindən icarəyə götürüb.

Xəbərdə bildirilir ki, braziliyalı forvard cari mövsümün sonunadək Lion klubunun formasını geyinəcək.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə cəmi 3 oyunda iştirak edib və ümumilikdə 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.